Azərbaycanda iki rayonun baş planının hazırlanmasına başlanılır

Azərbaycanda iki rayonun baş planının hazırlanmasına başlanılır
24 dekabr, 2024 10:24

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının baş planlarının hazırlanmasına başlanılır.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, artıq bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hazırlıq işlərini yekunlaşdırıb.

Məlumata görə, Komitə hər iki rayonun baş planlarının hazırlanması işlərini Fövqalədə Hallar Nazirliyinin tabeliyində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, Babək şəhərinin baş planının hazırlanması Komitəyə 171 100 manata,
Culfa şəhərinin baş planının hazırlanması isə 179 360 manata başa gələcək.

Qeyd edək ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu 2008-ci ildə dövlət qeydiyyatına alınıb. İnstitutun qanuni təmsilçisi Namazov Müsədin Əhməd oğludur.